Bakıda sərnişin kanat yolunun yaradılması ilə bağlı layihə hazırda ilkin araşdırma və qiymətləndirmə mərhələsindədir.
Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sorğuya cavabında bildirilib.
Qeyd olunub ki, layihə ilə bağlı bir sıra məsələlər hələ dəqiqləşdirilməyib. Bunlara kanat yolunun mümkün marşrutu, texniki göstəriciləri, icra müddəti və maliyyələşmə məsələləri daxildir.
Qurumdan bildirilib ki, layihənin əsas parametrləri ilə bağlı yekun qərarlar qəbul edilmədiyi üçün hazırda ictimaiyyətə konkret məlumat vermək mümkün deyil.
Müvafiq məsələlər dəqiqləşdirildikdən sonra layihə ilə bağlı məlumatların ictimaiyyətə təqdim ediləcəyi qeyd olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 2-də imzaladığı fərmanla “Bakı Metropoliteni” QSC-yə sərnişin kanat yolları ilə bağlı yeni səlahiyyətlər verilib.
Fərmana əsasən, qurum kanat yolu ilə sərnişindaşıma xidmətlərinin təşkili, onların keyfiyyət və təhlükəsizlik göstəricilərinin artırılması, innovativ və rəqəmsal həllərin tətbiqi, həmçinin kanat yollarının layihələndirilməsi və tikintisini təmin edəcək.
Bundan başqa, kanat yolu xidmətlərinin vahid mərkəzdən idarə olunması, əlaqələndirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi də “Bakı Metropoliteni”nin yeni səlahiyyətləri sırasındadır.

