Bakıda şirniyyatda bundan istifadə olunur: BİR TİKƏSİ BELƏ TƏHLÜKƏLİDİR!backend

Bakıda şirniyyatda bundan istifadə olunur: BİR TİKƏSİ BELƏ TƏHLÜKƏLİDİR!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar satılan bəzi şirniyyatlarda qoz-fındıq ləpəsinin əvəzinə daha ucuz alternativ kimi araxisdən istifadə edildiyi müşahidə olunur. Araxis isə bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilən məhsullardandır. Hətta deyilənə görə, bu çərəzə allergiyası olan şəxslərdə həyati təhlükə yaradan anafilaktik şok baş verə bilər.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan allerqoloq Şahvələd Məmmədov bildirib ki, araxis çərəzlər arasında ən çox allergik reaksiya yaradan məhsullardan biridir:

“Bizim araşdırmalarımız və təcrübəmiz göstərir ki, çərəzlərin içərisində qoz-fındığı bir kənara qoysaq, ən təhlükəli allergenlərdən biri araxisdir. Araxis allergiyası insanlar arasında sıx müşahidə olunur. Hətta xəstələrə qida paneli deyilən test tətbiq edərkən daha çox müşahidə olunan allergiyalardan biri də məhz araxis allergiyasıdır. Araxis allergiyası təhlükəlidir və bəzi hallarda anafilaktik şok səviyyəsinə gətirib çıxara bilər. Bu çərəzi təkrar-təkrar bədənə daxil etdikdə orqanizmdə hipersensibilizasiya yaranır. Bu hipersensibilizasiya fonunda da anafilaktik şok dediyimiz hal yarana bilər”.

Allerqoloq araxis qəbulundan sonra yarana biləcək əlamətlərdən də danışıb:

“Araxis qəbul etdikdən sonra allergik reaksiyanın ilkin əlamətlərinə burun tutulması, göz qaşıntısı, dəri səpkiləri, dəridə urtikar səpkilər, övrə, şişkinlik və nəfəs darlığı daxildir.

Allergik xəstələrə, uşaqlara və böyüklərə məsləhət görülür ki, araxisə allergiyanın olub-olmadığını araşdırmadan bu məhsulu qəbul etməsinlər”.

Ş.Məmmədov bildirib ki, şirniyyat məhsullarının tərkibində araxisdən istifadə olunması məsələsi Qida Təhlükəsizliyi Agentliyinin ekspertləri tərəfindən müəyyənləşdirilməli və aydınlaşdırılmalıdır:

“Həmin məhsullarla bağlı müəyyən xəbərdarlıqlar olunmalıdır. Ucuzluğuna görə araxis istifadəsinin imkan daxilində ləğv edilməsi daha məqsədəuyğundur.

Araxis allergiyası olan xəstələrdə sadaladığımız əlamətlərdən hansısa meydana çıxarsa, təcili həkimə və ya təcili yardıma müraciət edilməlidir.

Allergiya baş verdiyi hallarda xəstəyə müvafiq tibbi müdaxilə edilməli və antiallergik müalicə tətbiq olunmalıdır”.