OpenAI açıqladı: Süni intellekt 377 yeni riyazi nəticə əldə edibbackend

OpenAI açıqladı: Süni intellekt 377 yeni riyazi nəticə əldə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin OpenAI şirkəti cəbr, ədədlər nəzəriyyəsi, nəzəri kompüter elmləri, riyazi məntiq və topologiya da daxil olmaqla müxtəlif sahələrdə süni intellekt vasitəsilə əldə edilən 377 yeni riyazi nəticəni yayımlayıb.

Editor.az Anadolu Ajansı-na istinadən xəbər verir ki, yeni nəticələr OpenAI-ın sentyabr ayında “Minilliyin Problemləri”ndən biri olan və mayelərin hərəkətini təsvir edən Navier-Stokes tənliklərini həll etdiyini açıqlamasından sonra təqdim edilib.

Şirkətin paylaşdığı yeni riyazi nəticələrin də Navier-Stokes tənlikləri üzərində aparılan işdə olduğu kimi, hələ ictimaiyyətə təqdim edilməyən daha qabaqcıl süni intellekt modeli vasitəsilə əldə edildiyi bildirilib.

OpenAI açıqlamasında hər bir nəticənin əldə edilməsinin orta hesabla təxminən 3 saat çəkdiyini qeyd edib.

Nəticələrdəki isbatların əsas məntiqi düzgünlüyü yoxlayan “Lean” adlı proqramlaşdırma dili vasitəsilə təsdiqləndiyi bildirilib. Şirkət yeni tədqiqatlar tamamlandıqca onların da müvafiq məlumat bazasına əlavə ediləcəyini açıqlayıb.

OpenAI həmçinin riyaziyyat sahəsində süni intellekt araşdırmalarının nəticələrinin elmi ictimaiyyətlə daha effektiv paylaşılması yollarının müəyyənləşdirilməsi məqsədilə məsləhət qrupu ilə müzakirələr apardığını bildirib.

Şirkətin açıqlamasında süni intellektin əldə etdiyi riyazi nəticələrin daha yaxşı başa düşülməsinə dəstək olmaq üçün seminar, konfrans və xüsusi proqramların maliyyələşdiriləcəyi qeyd olunub.

Bundan başqa, daha qabaqcıl süni intellekt modellərinin müxtəlif elm sahələrində sınaqdan keçirilməsinin davam etdiriləcəyi vurğulanıb.

OpenAI 10 məsələnin həlli zamanı süni intellekt modelinin hansı mərhələlərdən keçdiyini göstərən xülasələri də ictimaiyyətə təqdim edib.

OpenAI daha əvvəl Navier-Stokes tənliklərini həll etdiyini açıqlamışdı

ABŞ-nin süni intellekt şirkəti OpenAI 2026-cı ilin sentyabrında təxminən 90 il ərzində həll edilməmiş yüksək səviyyəli riyazi problemi yeni nəsil süni intellekt modeli vasitəsilə həll etdiyini açıqlamışdı.

Şirkətin məlumatına görə, tapşırığın həlli üçün qismən avtonom şəkildə fəaliyyət göstərən təxminən 10 min süni intellekt agentindən ibarət sistemdən istifadə edilib və problem 88 saat ərzində həll olunub.

Söhbət mayelərin hərəkətini təsvir edən Navier-Stokes tənliklərindən gedirdi. OpenAI həmin proses zamanı tənliklərlə bağlı təxminən 3 milyon mesajdan və 130 milyard məlumat vahidindən istifadə edildiyini bildirmişdi.

\\ Aydan Bünyatova, Editor.az