Bakının 98 saylı uşaq bağçasında aparılan araşdırmanın nəticəsi olaraq müəssisənin müdiri vəzifəsindən azad edilib.
Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin yaradılması istiqamətində bir sıra nöqsanlar müəyyənləşdirilib. Bununla əlaqədar bağçanın müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən qeyd olunub ki, təhsil müəssisələrində hər hansı neqativ halın baş verməsi yolverilməzdir. Qurumun məlumatına görə, təlim-tərbiyə müəssisələrində səmərəli fəaliyyətin və sağlam iş mühitinin təmin edilməsi əsas prioritetlərdəndir.
Qeyd edək ki, bir müddət əvvəl 98 saylı uşaq bağçasına gedən azyaşlının qanında psixotrop dərmanın aşkarlanması ilə bağlı iddialar yayılmışdı. Uşağın səhhətində və davranışında dəyişiklik müşahidə edildikdən sonra ailəsi tibbi yardım üçün müraciət edib və aparılan analizlərin nəticələrinə əsasən belə maddənin aşkarlandığı iddia olunub.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi araşdırma başladıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də valideynlərlə görüşərək hadisənin araşdırılması üçün Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa müraciət edib.
Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

