Hindistan və Ermənistan bu ölkənin ərazisində Hindistan istehsalı olan “Pinaka Mk-II” yaylım atəşli raket sistemləri (YARS) üçün raketlərin yığılması və istehsalının təşkili imkanlarını aktiv şəkildə müzakirə edir.
Bu barədə müzakirələrin gedişatı ilə tanış olan mənbələrə istinadən hərbi məsələlər üzrə ixtisaslaşmış “Indian Defence Research Wing” (IDRW) portalı məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, söhbət “Pinaka” YARS üçün 214 mm-lik döyüş sursatlarının istehsalının Ermənistanda lokalizasiya edilməsindən gedir. Tərəflər əməkdaşlığın müxtəlif variantlarını, o cümlədən raketlərin birbaşa Ermənistan ərazisində yığılmasını və gələcəkdə yerli istehsal olunan komponentlərin payının artırılmasını nəzərdən keçirirlər.
Layihənin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. İlkin mərhələdə Ermənistanda Hindistandan gətirilən dəstləşdirici hissələr və materiallar əsasında raketlərin yığılması təşkil oluna bilər. Növbəti mərhələdə isə ayrı-ayrı komponentlərin yerli imkanlarla istehsalı, sınaqların keçirilməsi və lokalizasiya səviyyəsinin tədricən artırılması nəzərdə tutulur.
Bununla belə, istehsalın başlaması ilə bağlı yekun saziş hələ ki imzalanmayıb. IDRW qeyd edir ki, tərəflər sənaye əməkdaşlığının konkret modelini, Ermənistanda istehsal ediləcək sursatların modifikasiyasını, habelə texnologiya transferinin ehtimal olunan həcmini hələ dəqiqləşdirməlidirlər.
Nəşr bu addımı Hindistan və Ermənistan arasında hərbi-texniki əməkdaşlığın sürətlə genişlənməsi ilə əlaqələndirir. Xatırladaq ki, İrəvan daha əvvəl Dehlidən “Pinaka” ailəsinə məxsus YARS-lar və onlar üçün böyük həcmdə raketlər satın alıb.
Razılaşma əldə olunacağı təqdirdə, Ermənistan təkcə satın aldığı sistemləri istismar etməklə kifayətlənməyəcək, həm də öz ərazisində bu raketlərin yığılmasını və perspektivdə tam istehsalını həyata keçirmək imkanı qazanacaq.
Lakin IDRW vurğulayır ki, danışıqlar hələlik ilkin müzakirə mərhələsindədir, buna görə də layihənin yekun parametrləri, icra müddəti və lokalizasiya dərəcəsi barədə dəqiq qərar vermək tezdir.
Musavat.com

