Havaların soyuması ilə əlaqədar evlərdə elektrik və qazla işləyən qızdırıcı cihazlardan istifadənin artması Fövqəladə Hallar Nazirliyini (FHN) əhaliyə xəbərdarlıq etməyə vadar edib.
Editor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraitində yanğın və partlayış risklərinin artdığını nəzərə alaraq vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Nazirlikdən bildirilib ki, nasaz elektrik və qaz sistemləri, standartlara cavab verməyən və kustar üsulla hazırlanan qızdırıcı cihazlar, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, eləcə də diqqətsizlik ciddi təhlükələr yarada bilər.
FHN qeyd edib ki, maarifləndirmə tədbirlərinin davam etdirilməsinə baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik tələblərinə əməl etməməsi yanğın, partlayış, insan itkisi və maddi zərərlə nəticələnir.
Nazirlik əhaliyə aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib:
– Nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihazlarından istifadə edilməməlidir.
– Elektrik və qaz təsərrüfatı daim işlək və saz vəziyyətdə saxlanılmalıdır.
– Elektrik və qaz xətlərinin quraşdırılması və təmiri yalnız mütəxəssislərə həvalə edilməlidir.
– Zədələnmiş elektrik naqillərindən və uzadıcı kabellərdən istifadə olunmamalı, şəbəkə həddindən artıq yüklənməməlidir.
– Telefon, kompüter və digər cihazların, eləcə də elektrikli skuterlərin şarj zamanı, xüsusilə gecə saatlarında nəzarətsiz şəkildə elektrik şəbəkəsinə qoşulu saxlanılması yolverilməzdir.
– Çoxmənzilli binaların yeraltı dayanacaqları və digər qapalı məkanlarında müvafiq texniki şərtlər olmadan elektromobillər üçün şarj qurğuları quraşdırılmamalıdır.
– Elektrik doldurma qurğularından istifadə zamanı təhlükəsizlik tələblərinə əməl edilməli və avadanlıq nəzarətsiz buraxılmamalıdır.
– Elektrik və qaz cihazlarının uşaqlar tərəfindən istifadəsinə yol verilməməlidir.
– Mənzil, eyvan və pilləkən qəfəslərində tezalışan maddələr saxlanılmamalıdır.
– Evdən çıxarkən elektrik və qaz cihazları işlək vəziyyətdə qoyulmamalıdır.
FHN qaz sızması ehtimalı ilə bağlı da vətəndaşlara diqqətli olmağı tövsiyə edib. Mənzilə daxil olarkən qaz iyi hiss edilərsə, işıq yandırmaq, elektrik və qaz cihazlarını işə salmaq və açıq oddan istifadə etmək olmaz. Bu zaman dərhal qapı-pəncərələr açılmalı, qazın girişinə nəzarət edən qurğu bağlanmalı və mütəxəssis çağırılmalıdır.
Həmçinin tam söndürülməmiş kibrit və siqaret kötüklərinin zibil qutusuna və ya eyvandan atılmasına yol verilməməlidir.
Yanğın baş verdikdə nə etmək lazımdır?
Nazirlik yanğın zamanı insanların öz təhlükəsizliyini qoruması üçün bir sıra tövsiyələr də verib. Belə halda ağız və burun nəm parça ilə örtülməli, mümkün qədər aşağı əyilərək və ya sürünərək hərəkət edilməlidir.
Digər otaqlara tüstünün yayılmasının qarşısını almaq üçün qapı ətrafındakı boşluqlar nəm parça ilə tutulmalı, yanğının daha da güclənməməsi üçün qapı və pəncərələr bağlanmalıdır.
Mənzili tərk etmək mümkün olmadıqda eyvanın və ya pəncərənin yanında dayanaraq xilasedicilərin gəlməsi gözlənilməlidir. Binadan çıxarkən isə liftdən istifadə etmək olmaz.
Çoxmərtəbəli binalarda yanğın elektrik şaxtasında, mənzildə və ya binanın digər hissələrində baş verərsə, digər mənzillərin sakinləri xilasedicilər gələnədək evlərini tərk etməməli, giriş qapısının ətrafını nəm parça ilə bağlayaraq tüstüdən qorunmalıdırlar.
FHN bir daha vətəndaşları təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmağa çağırıb. Nazirlik vurğulayıb ki, sadə təhlükəsizlik tədbirlərinə əməl olunması insan həyatı və sağlamlığı üçün yarana biləcək ciddi risklərin qarşısını ala bilər.

