Oktyabrın 5-də Tehranda Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan İran İslam Respublikasının XİN rəhbəri Seyid Abbas Əraqçi ilə görüş keçirib.
Musavat.com bildirir ki, rəsmi müzakirələrə başlamazdan əvvəl nazir Mirzoyan iranlı həmkarına bacısının vəfatı ilə əlaqədar başsağlığı verib.
Həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bütün məsələləri ətraflı müzakirə ediblər. Hər iki tərəf münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb. Bu, Ermənistan Respublikasının 2026–2031-ci illər üzrə hökumət proqramında da öz əksini tapıb və həm yüksək səviyyəli dialoqun dinamikasında, həm də mühüm proqramların həyata keçirilməsində praktiki ifadəsini tapır.
Ararat Mirzoyan və Seyid Abbas Əraqçi energetika, nəqliyyat və infrastrukturun inkişafı da daxil olmaqla, bir sıra sahələrdə əməkdaşlıq proqramlarını müzakirə ediblər. Ermənistan-İran sərhədində ikinci körpünün tikintisinin, üçüncü elektrikötürücü xəttin tikintisinin mümkün qədər tez başa çatdırılmasının, eləcə də iki ölkə arasında yükdaşımaların asanlaşdırılması məsələlərinin əhəmiyyəti qeyd olunub. Nazirlər blokadanın aradan qaldırılmasının yaratdığı üstünlüklər və regional qarşılıqlı əlaqəlilik proqramları barədə fikir mübadiləsi aparıblar. İranın “Sülh kəsişməsi” proqramına dəstəyi vurğulanıb. Nazir Mirzoyan TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində görülən işləri və bu layihənin region ölkələri üçün açdığı yeni imkanları təqdim edib.
İctimai informasiya sahəsində, o cümlədən media məkanında əsassız spekulyasiyalara lazımi şəkildə qarşı çıxılması baxımından davamlı əməkdaşlığın vacibliyi qeyd olunub.
Nazirlər regional proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Bu kontekstdə nazir Mirzoyan Ermənistanın mövcud vəziyyəti diqqətlə izlədiyini və problemlərin danışıqlar yolu ilə həllinə yönəlmiş səylərə əhəmiyyət verdiyini vurğulayıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.
İran Cənubi Qafqazda sülhün qorunması ilə bağlı mövqeyini açıqlayıb və regiondankənar qüvvələrin proseslərə müdaxiləsinin yolverilməz olduğunu bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə danışıb.
Əraqçi Azərbaycan və Ermənistan arasında qarşılıqlı fəaliyyət və münasibətlərin inkişafını müsbət qiymətləndirib. İran XİN rəhbəri Tehranın çoxtərəfli danışıqların və əməkdaşlığın, o cümlədən “3+3” formatı çərçivəsində davam etdirilməsinə hazır olduğunu bildirib. O, Cənubi Qafqazda xarici qüvvələrin mövcudluğunun yarada biləcəyi nəticə və problemlərin nəzərə alınmasının vacibliyini ayrıca vurğulayıb.
Əraqçinin sözlərinə görə, regionda sülhün qorunması üçün üçüncü tərəflərin müdaxiləsinin olmaması mühüm əhəmiyyət daşıyır.
Ararat Mirzoyan isə İran-Ermənistan münasibətlərinin strateji xarakter daşıdığını bildirib və İrəvanın Tehranla əlaqələri daha da dərinləşdirməyə sadiq olduğunu deyib.
Bu görüşü zəruri edən amillər barədə nə demək olar? Həm “Sülh kəsişməsi”, həm də TRIPP marşrutu – Zəngəzur dəhlizindən danışılıb. İranın İrəvandakı səfirinin Zəngəzur dəhlizi əleyhinə açıqlamalarından sonra Mirzoyanın həmkarı ilə müzakirələr hansı qənaəti yaradır?

Deputat Sahib Alıyev Musavat.com-a bildirib ki, Mirzoyanın İrana səfəri də, orada aparılan danışıqlar da məkrli xarakter daşıyır:
“Fikrimcə, Ermənistanda Azərbaycanın onların eyni palçığa üçüncü dəfə girməyə hazırlaşdığını tam gördüyünü və bunu cavabsız qoymayacağını anladığı üçün təcili belə bir səfərə ehtiyac duydular. Bununla yiyəsiz olmadıqlarını göstərməyə çalışırlar. Eyni zamanda, türk birliyinə yanaşmaları tam üst-üstə düşdüyündən, görünür, İranla Ermənistan özləri üçün hazırda fürsət pəncərəsi açıldığı düşüncəsindədirlər və onu necə böyüdə biləcəkləri haqda da məsləhətləşmələr aparırlar. Çox təəssüf ki, hər ikisinin ara qarışdırmaq üçün hara lazımdır orada yuvacıqları da, tərəfdarları da var”.
S.Alıyevin sözlərinə görə, bu səfərdə açıqlanan yox, açıqlanmayan hissə önəmli idi:
“Açıqlanana gəldikdə, Əraqçinin 3+3 formatı haqda dedikləri atavizmdir; əgər söhbət Azərbaycanla Ermənistan arasındakı prosesdən gedirsə, burada ya regiondan kənar, ya da regiondakı hər hansı oyunçunun müdaxiləsinə biz ehtiyac duymuruq. Cənubi Qafqazın geosiyasi subyektliyini istəməyənlərin ikitərəfli formatda aparılan danışıqlara burunlarını soxmaları isə tam qəbuledilməzdir”.

Milli Məclis üzvünün diqqətini çəkən məsələlərdən biri də rəsmi Tehranın Zəngəzur dəhlizinin əleyhinə olmadığı, amma orada dəhlizin təhlükəsizliyini ABŞ təmsilçilərinin qorumasını istəməməsi haqda riyakarlıq tökülən açıqlamasıdır:
“Mən belə düşünürəm ki, Azərbaycanın bir hissəsindən digərinə maneəsiz keçid öhdəliyini yerinə yetirmək istəməyən Ermənistan hakimiyyətinin özü İrandakı məsləkdaşlarından belə bir tələbdə bulunmalarını xahiş edir. Çünki birincisi, dəhlizdə təhlükəsizliyin təminini İran tərəfinin təqdim etdiyi kimi ABŞ hərbçiləri deyil, şirkət həyata keçirəcək. İkincisi, əgər onları ABŞ hərbçiləri bu qədər narahat edirdisə, bir vaxtlar gəlib qulaqlarının dibində haylarla birgə təlim keçirirdilər, onda niyə səslərini çıxarmırdılar? ABŞ-nin Ermənistandakı səfirliyində iki mindən artıq əməkdaş var, Tehrandakılar onların nə üçün ora yerləşdirildiklərini bilmirlər? Niyə indiyədək bununla bağlı heç nə deməyiblər?”

