Vüqar Bayramovdan sosial ödənişlərlə bağlı AÇIQLAMA: “Əsas hədəf artımların reallığının qorunmasıdır”backend

Vüqar Bayramovdan sosial ödənişlərlə bağlı AÇIQLAMA: “Əsas hədəf artımların reallığının qorunmasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sosial siyasətin əsas prioritetlərindən biri əhalinin sosial rifahının və gəlirlərinin qorunmasıdır. Bu baxımdan sosial ödənişlərin, pensiyaların və minimum əməkhaqqının artırılması ilə yanaşı, həmin artımların inflyasiya və istehlak bazarındakı qiymət dəyişiklikləri fonunda real alıcılıq qabiliyyətinə təsiri də xüsusi əhəmiyyət daşıyır. Sosial ödənişlərin effektivliyinin təmin olunması üçün nominal artımlarla yanaşı, vətəndaşların gündəlik xərclərinin dinamikasının nəzərə alınması vacibdir.

Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az-a açıqlamasında bildirib ki, Həmkarlar İttifaqlarının qurultayında Prezident İlham Əliyev minimum əməkhaqqının, sosial müavinətlərin və pensiyaların artırılacağını bəyan edib:

“Bu o deməkdir ki, artıq 2023-cü ildən etibarən Azərbaycanda növbəti, 6-cı sosial paket reallaşacaq. Təbii ki, sosial paketin reallaşması əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımından çox vacibdir. İlkin gözləntilərə görə, bu artımlar 3 milyona yaxın vətəndaşımızı əhatə edəcək.

Sözsüz, artımlar həyata keçirilərkən istehlak bazarındakı qiymət dəyişikliklərinin, eyni zamanda, əvvəlki artımlardan sonra formalaşan inflyasiya səviyyəsinin nəzərə alınması önəmlidir. Gözlənti ondan ibarətdir ki, hökumət xüsusən minimum əməkhaqqı və sosial müavinətlər üzrə artımları müəyyənləşdirərkən əvvəlki artımdan sonrakı dövrdə baş verən inflyasiyanı nəzərə alaraq artım faizlərini hesablayacaq.

Bu kontekstdə əməkhaqqı, sosial müavinətlər və pensiyalarda həyata keçirilən artımların real dəyərinin qorunması əsas hədəflərdən biridir. Minimum əməkhaqqı sonuncu dəfə artırıldıqdan sonra baş verən inflyasiyanın nəzərə alınması artım faizlərinin müəyyənləşdirilməsində mühüm amildir.

Eyni zamanda, artımlardan sonra istehlak bazarında qiymətlərin optimallaşdırılması və xüsusilə süni qiymət artımlarının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi də vacibdir. Bu baxımdan artımların real effektinin qorunması, eləcə də istehlak bazarında qiymət sabitliyinin təmin edilməsi sosial paketin icrası baxımından əsas prioritetlərdən biri olaraq qalır”.

//Gülnarə Abasova, Editor.az