Kamaləddin Qafarov kimdir? – Deputatın siyasi karyerası, biznes çevrəsi və haqqında yayılan iddialar…backend

Kamaləddin Qafarov kimdir? – Deputatın siyasi karyerası, biznes çevrəsi və haqqında yayılan iddialar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kamaləddin Qafarov uzun illərdir həm parlament fəaliyyəti, həm də əczaçılıq və tibb biznesi ilə bağlı mediada adı çəkilən deputatlardan biridir
Poliqon xəbər verir ki, deputatın karyerasında diqqət çəkən məqamlardan biri Milli Onkologiya Mərkəzində rəhbər vəzifədə çalışmasından əvvəl “Azəri Med” şirkətində fəaliyyət göstərməsi, daha sonra isə Milli Məclisə seçilməsidir.
Qafarov haqqında mediada Milli Onkologiya Mərkəzi, “Azəri Med”, “Zəfəran” apteklər şəbəkəsi, “Zəfəran Hospital”, “Versal Palace” və digər şirkət və obyektlərlə bağlı müxtəlif məlumatlar yayılıb. Bu materialların bir hissəsi kommersiya reyestri və satınalma məlumatlarına, digər hissəsi isə jurnalistlərin və ayrı-ayrı media resurslarının irəli sürdüyü iddialara əsaslanır.
Bəs xalq arasında Milli Onkologiya Mərkəzinin qeyri-rəsmi patronu olaraq tanınan Kəmaləddin Qafarov kimdir?
Kamaləddin Nəsrəddin oğlu Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Milli Məclisin rəsmi məlumatına görə, o, 2024-cü il sentyabrın 23-də keçirilən parlament seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsindən VII çağırış Milli Məclisə deputat seçilib.
Qafarov Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda Milli Məclisin Səhiyyə və İntizam komissiyalarının üzvüdür və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edir. O, həmçinin bir sıra digər parlamentlərarası işçi qrupların üzvüdür.
Bütün bunlar Kamaləddin Qafarovun rəsmi titullarıdır. Qeyri-rəsmi titulları arasında isə onun Milli Onkologiya Mərkəzinin qeyri-rəsmi patronu, əsasən tibb sahəsinə aid olan çox saylı biznes şəbəkəsinin sahibi, qeyri-rəsmi milyarder olması ilə bağlı iddialar var.
Rəsmi bioqrafiyada onun xarici dillərdən rus və türk dillərini sərbəst bildiyi, ailəli və dörd övladının olduğu da qeyd edilir.
Qafarov harada təhsil alıb?
Milli Məclisin saytında yerləşdrilən rəsmi bioqrafiyasına görə, Kamaləddin Qafarov Naxçıvan Dövlət Universitetini 1997-ci ildə, Azərbaycan Dövlət İqtisad Universitetini isə 2009-cu ildə bitirib.
İlk ali təhsilində ixtisası meyvə-tərəvəzçilik və üzümçülük, ikinci ali təhsilində isə iqtisadçıdır. Amma o bütün həyatı boyunca əczaçılıq və tibb sahəsində fəaliyyət göstərib.
Qafarovun təhsil istiqaməti sonrakı əczaçılıq və siyasi fəaliyyəti ilə müqayisə edilərək zaman-zaman mediada müzakirə mövzusuna çevrilib. Lakin bu, özlüyündə onun peşəkar fəaliyyəti və ya deputatlıq hüququ ilə bağlı hər hansı hüquqi problem yaratmır.
Əmək fəaliyyətinə harada başlayıb?
Qafarovun sonrakı biznes əlaqələri ilə bağlı müzakirələrin əsas səbəblərindən biri onun uzun müddət “Azəri Med”də çalışması və sonradan bu şirkətlə bağlı hər zaman diqqət mərkəzində olub.
Kamaləddin Qafarov 2005–2014-cü illərdə “Azəri Med” MMC-də operator və maliyyə müdiri vəzifələrində çalışdığı göstərilir. Şirkət onun qohumunun adına qeydiyyatda olsa da, şirkətin əsil sahibinin məhz o olması barədə iddialar hər zaman dövriyyədə olub.
Bir neçə media araşdırmasına görə, “Azəri Med”in əvvəlki hüquqi ünvanı məhz Kamaləddin Qafarovun özünün yaşadığı mənzil olub. 2024-cü ildə yayımlanan məhkəmə mövzulu materialda “Azəri Med”in hüquqi ünvanının Qafarov və ailə üzvlərinin qeydiyyatda olduğu mənzillə üst-üstə düşməsi ayrıca fakt kimi təqdim edilib. Həmin yazıda mediada Qafarovla əlaqələndirilən “Kanon”, “Mega Pharmacy”, “Azeri Med MNK”, “Versal”, “Versal Palace” və “Naturalist” kimi şirkətlərin də adı çəkilir.
“Azəri Med”lə bağlı son araşdırmalarda şirkətin əvvəlki qanuni təmsilçilər arasında Qafarov soyadlı şəxslərin olduğu və onların deputatla qohum olduğu bildirilir. Lakin şirkətin hazırkı qanuni təmsilçisi Famil Rəhimlidir. O 2016-cı ildən şirkətin hüquqi təmsilçisidir, lakin buna baxmayaraq şirkətin əsil sahibinin məhz Kəmaləddin Qafarov olması çoxlarında şübhə doğurmur.
“Azəri Med”in tenderləri niyə diqqət çəkir?
“Azəri Med”in dövlət tibb müəssisələri ilə bağladığı çoxmilyonluq müqavilələr Qafarov barədə mediada yayılan materialların əsas mövzularındandır. Qeyd edək ki, “Azəri Med” şirkəti 2015-ci ildən bu günlərə qədər Milli Onkologiya Mərkəzindən 100 milyonlarla manat tenderlər udub.
2024-cü ilin mayında Milli Onkologiya Mərkəzi “Azəri Med”lə 29 milyon 829 min 766 manatlıq müqavilə bağlayıb. 2025-ci ilin mayında müqavilənin məbləği 35 milyon 849 min 901 manatdan çox olub. 2026-cı ilin iyulunda isə Milli Onkologiya Mərkəzinin şirkətlə 34 milyon 961 min 987 manatlıq daha bir müqavilə bağladığı barədə məlumat yayılıb.
2026-cı ilin avqustunda isə Milli Onkologiya Mərkəzinin “Azəri Med”lə 50 milyon 320 min 46 manat 90 qəpik dəyərində yeni müqavilə bağladığı bildirilib.
Mediada dövlət satınalmaları portalındakı məlumatlara əsasən, 2019-cu ildən 2026-cı ilin avqustuna qədər Milli Onkologiya Mərkəzinin “Azəri Med”lə 36 müqavilə bağladığı və onların ümumi dəyərinin 289,5 milyon manatdan çox olduğu yazılıb.
Milli Onkologiya Mərkəzinə necə keçib?
Qafarov 2014–2015-ci illərdə rəsmi olaraq Milli Onkologiya Mərkəzində baş direktorun müavini vəzifəsində çalışıb. Bu məlumat onun parlamentə seçilməzdən əvvəlki karyerasının mühüm mərhələlərindən biridir.
2015-ci ildə deputat seçildikdən sonra bu vəzifədən ayrılsa da, Milli Onkologiya Mərkəzi bu günə qədər birmənalı olaraq Kəmaləddin Qafarovla əlaqələndirlir. Xalq içində o qeyri rəsmi olaraq Milli Onkologiya Mərkəzinin patronu olaraq tanınır.
Qeyd edək ki, Milli Onkologiya Mərkəzi əhalinin ən çox şikayət etdiyi nə narazı qaldığı qurumlar arasında yer alır.
Onkologiya Mərkəzindən parlamentə keçid necə olub?
Qafarov ilk dəfə 2015-ci ildə YAP-ın namizədi olaraq Milli Məclisə deputat seçilib. Daha sonra VI və VII çağırış parlamentlərdə də mandat qazanıb.
2024-cü il seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsindən yenidən deputat seçilib. Rəsmi məlumatda onun parlamentdə Səhiyyə və İntizam komissiyalarının üzvü olduğu göstərilir.
Onun parlament fəaliyyəti əsasən səhiyyə, dərman bazarı, tibbi xidmətlər və digər sosial məsələlərlə bağlı müzakirələrlə əlaqələndirilir.
Parlamentdə hansı fəaliyyətlə yadda qalıb?
Qafarov uzun müddət Milli Məclisin Səhiyyə komitəsində fəaliyyət göstərib. O, dərman vasitələrinin dövriyyəsi, səhiyyə sistemi, icbari tibbi sığorta və tibbi xidmətlərlə bağlı komissiya müzakirələrində çıxış edib.
Siyasi mövqeyində isə hakim Yeni Azərbaycan Partiyasının xəttini dəstəkləyən deputatlardan biri kimi çıxış edir.
Qafarovun parlament fəaliyyəti ilə bağlı rəsmi məlumatlar əsasən onun qanunvericilik fəaliyyətinə, səhiyyə məsələlərinə və beynəlxalq parlament əlaqələrinə yönəlib.
Milli Məclisin iclaslarında təsadüfdən-təsadüfə çıxış etdiyinə görə mətbuat onu “lal deputatlar” qrupuna aid edib. Doğrudan da bu günə qədər yaxın ətrafından kənarda Kəmaləddin Qafarovun səsini eşidən çox az adam var.
Kamaləddin Qafarova Ramiz Mehdiyev hamilik edib?
Uzun illər boyu bəzi media resursları Qafarovu Ramiz Mehdiyevin siyasi çevrəsi ilə əlaqələndirib və onun Mehdiyevin “sadiq kadrları”ndan biri kimi təqdim edib. Qafarovun biznes və siyasi karyerası ilə bağlı Mehdiyevin xüsusi tapşırıqlar verdiyi iddia edilir.
İddilara görə Kamaləddin Qafarov dibb və dərman sektorunda Ramiz Mehdiyevin maraqlarını təmsil edib və onun karyerasında bu təmsilçilik əsas rol oynayıb.
Mətbuatda Qafarov haqqında müsbət məlumatlar nələrdir?
Qafarov haqqında müsbət məzmunlu məlumatların əsas hissəsi onun parlament fəaliyyətinə aiddir.
O, bir neçə çağırış Milli Məclisdə deputat olub, Səhiyyə komitəsinin üzvü kimi fəaliyyət göstərib və parlamentlərarası əlaqələr üzrə müxtəlif qruplarda təmsil olunub.
Onun fəaliyyəti ilə bağlı müxtəlif illərdə dövlət təltifləri aldığı barədə də media məlumatları yayılıb.
“Zəfəran” aptekləri Qafarovun biznesinə daxildirmi?
“Zəfəran” apteklər şəbəkəsinin adı da illərdir Qafarovun biznes çevrəsi ilə bağlı media materiallarında çəkilir.
2020-ci ildə Baku.ws portalı “Zəfəran Apteklər şəbəkəsi”ni Qafarovun biznes şəbəkəsinə aid olduğu iddia edilən müəssisələr sırasında göstərib. Həmin siyahıda “Zəfəran Hospital”, “Azəri Med”, “Kanon”, “Mega Pharmacy”, “Versal Palace”, “Naturalist” və digər şirkətlərin adları da yer alıb.
Sonrakı illərdə digər media resursları da “Zəfəran” apteklərini Qafarovun biznes çevrəsi ilə əlaqələndirib. 2025-ci ildə yayımlanan materiallardan birində “AzeriMed Tibbi Market”, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital”ın deputata məxsus olduğu iddia edilib.
Lakin açıq mənbələrdə “Zəfəran” apteklərinin Qafarovun şəxsi mülkiyyətində olduğunu təsdiqləyən sənəd təqdim edilmir.
“Zəfəran Hospital”ın Qafarovla əlaqəsi necə ortaya çıxıb?
“Zəfəran Hospital” da eyni media siyahılarında Qafarovla əlaqələndirilən müəssisələrdən biridir.
Hospitalın öz rəsmi internet səhifəsində “Zəfəran” brendinin yaratdığı geniş profilli özəl tibb mərkəzi kimi təqdim olunur. Hospitalda təcili yardım, laboratoriya, kardiologiya, cərrahiyyə, radiologiya, reanimasiya, ginekologiya, nevrologiya, endokrinologiya və digər tibbi xidmətlərin göstərildiyi bildirilir.
Daha maraqlı məqam isə Azərbaycan Tibb Universitetinin materiallarından birində “AzeriMed”in fəaliyyət sahələri sırasında “Zəfəran” aptek, “Kanon” aptek, “Günəbaxan” aptek və “Zəfəran Hospital”ın birlikdə təqdim edilməsidir. Həmin materialda “Zəfəran Hospital” və aptek şəbəkəsi eyni səhiyyə-kommersiya ekosisteminin hissələri kimi göstərilir.
Bu məlumat “Zəfəran”ın “Azəri Med”lə müəyyən biznes əlaqəsinin olduğunu göstərir.
“Zəfəran” şəbəkəsi nə qədər böyükdür?
“Zəfəran” yalnız bir aptekdən ibarət olmayıb. Açıq mənbələrdə şəbəkənin müxtəlif illərdə bir neçə aptek məntəqəsini əhatə etdiyi, eyni zamanda “Zəfəran Hospital”la birlikdə təqdim edildiyi görünür.
Azərbaycan Tibb Universitetinin yayımladığı materialda “AzeriMed”in fəaliyyət istiqamətləri arasında aptek şəbəkəsi, dərman və tibbi vasitələrin distribusiyası, tibbi avadanlıq, laboratoriya, stasionar xidmət, diaqnostika və “Zəfəran Hospital” qeyd olunur.
Bu isə həmin dövrdə “Zəfəran” adının ayrıca aptek biznesindən daha geniş tibbi-kommersiya strukturu daxilində istifadə edildiyini göstərir.
“Versal Palace” Qafarovun mülküdürmü?
Qafarovla bağlı media materiallarında “Versal Palace” və “Versal” adlı şirkətlərin də adı çəkilir.
2020-ci ildə Baku.ws portalında yayımlanan siyahıda “Versal” MMC və “Versal Palace” MMC Qafarovun biznes şəbəkəsinə daxil olduğu iddia edilən şirkətlər arasında göstərilib.
Bəzi digər media materiallarında isə “Versal Palace”ın qanuni təmsilçisinin Qafarovun qardaşı Cəlaləddin Qafarov olduğu yazılıb.
Qafarovun başqa hansı şirkətləri mediada hallanır?
Müxtəlif illərdə Qafarovla əlaqələndirilən şirkətlərin siyahısı kifayət qədər geniş olub.
Bunların arasında “Azəri Med”, “Azəri Med-MNK”, “Kanon”, “Mega Pharmacy”, “Naturalist”, “AvestaFarm”, “Versal”, “Versal Palace”, “Shafran”, “Zəfəran Hospital” və “Zəfəran” apteklər şəbəkəsinin adları çəkilib.
Lakin bütün bu şirkətlərin eyni hüquqi sahibə məxsus olduğunu göstərən vahid və tam açıq sənəd mövcud deyil.
Qafarovun daşınmaz əmlakı barədə nə məlumdur?
afarovun əmlakı barədə də müxtəlif media yazıları dərc olunub. Bəzi nəşrlərdə onun və ailə üzvlərinin müxtəlif daşınmaz əmlaklara, kommersiya obyektlərinə və yaşayış sahələrinə malik olduğu iddia edilir.
Açıq mənbələrdə onun qardaşları Hüsaməddin və Cəlaləddin Qafarovun, həmçinin digər yaxın qohumlarının müxtəlif şirkətlərdə hüquqi təmsilçi və ya təsisçi kimi göstərilməsi barədə məlumatlar var.
Xaricdə əmlak və sərvət barədə iddialar nə qədər əsaslıdır?
Bəzi media materiallarında Qafarovun xaricdə əmlakı və biznes aktivlərinin olduğu barədə də iddialar səsləndirilib.
Açıq mənbələrdə Qafarovun xaricdə biznes aktivləri olması barədə konkret olaraq iki şirkətin adı çəkilir: Gürcüstandakı “Helios Pharma LTD” və Kiprdə qeydiyyatdan keçmiş “Salidont LTD”.
“Helios Pharma” Gürcüstanda həqiqətən mövcud olan və hazırda da fəaliyyət göstərdiyi görünən şirkətdir. Gürcüstanın biznes məlumat bazasında şirkətin qeydiyyat tarixi 12 noyabr 2009-cu il, hüquqi ünvanı isə Tbilisi, Qorqasali küçəsi 41 göstərilir. Fəaliyyət sahəsi dərman vasitələrinin topdan satışı və əczaçılıq anbarlarıdır. Şirkətin statusu “operating” kimi göstərilir.
Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin materiallarında “Helios Pharma”nın 2018-ci ilin mayına qədər Qafarovun qardaşı kimi təqdim edilən Hüsaməddin Qafarovun adına olduğu, daha sonra isə Canilya Qafarovanın adına keçirildiyi iddia olunub. Şirkətin Tbilisidəki Qorqasali küçəsi 41 ünvanı da həmin materiallarda göstərilib.
Cavanşir Həsənlinin 2019-cu ildə yayımlanan araşdırmasına görə, “Salidont LTD” 7 noyabr 2019-cu ildə Kiprin cənubunda, Limassol şəhərində HE403879 qeydiyyat nömrəsi ilə yaradılıb. Şirkətin idarə olunmasının Patricia Stilianou adlı şəxsə həvalə edildiyi bildirilirdi.
Sonrakı media materiallarında da “Salidont LTD” Qafarovun xaricdəki biznes aktivlərindən biri kimi təqdim olunub. Qaynarinfo 2024-cü ildə bu şirkəti Qafarovla əlaqələndirilən xarici şirkətlər arasında göstərib
Qafarov haqqında korrupsiya iddiaları varmı?
Bəli. Müxtəlif media resurslarında Qafarov dövlət satınalmaları, əczaçılıq biznesi və Milli Onkologiya Mərkəzinin tenderləri kontekstində tənqid olunub.
Əsas iddia “Azəri Med”in faktiki sahibinin Qafarov olması və şirkətin onun keçmiş iş yeri olan Milli Onkologiya Mərkəzinin iri tenderlərində ardıcıl qalib olması üzərində qurulur.
Qafarovun plagiat yazılar dərc etməsi ilə bağlı iddialar nədən ibarətdir?
Kamaləddin Qafarovun adı ilə bağlı digər mübahisəli mövzu onun müxtəlif media resurslarında yayımlanan analitik yazılarıdır.
Bəzi media materiallarında Qafarovun adına yayılan siyasi-analitik məqalələrin faktiki müəllifinin özü olmadığı, yazıların başqa şəxslər tərəfindən hazırlandığı və ya başqa mənbələrdən götürüldüyü iddia edilib.
2026-cı ildə savash.media portalında yayımlanan materiallarda Qafarovun çıxış və yazıları ilə bağlı tənqidi fikirlər səsləndirilib və onun adı ilə yayılan yazıların müəllifliyi məsələsi gündəmə gətirilib. Yazıda konkret olaraq belə bir iddia irəli sürülür, Qafarovun mətbuatda yayımlanan siyasi-analitik yazılarının “öz beyninin məhsulu olmadığı” barədə əvvəllər məlumatlar yayıldığı qeyd edilir.
“Qafarov Azərbaycan dilində yaza bilmir” iddiası nə qədər əsaslıdır?
Həmçinin deputatın latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxuya bilmədiyi də iddia edilir.
2026-cı ildə bəzi media resurslarında Qafarovun nitqi və yazı qabiliyyəti ilə bağlı tənqidi materiallar yayılıb. Bu materiallarda onun parlament çıxışları və adına dərc olunan analitik yazılar müqayisə edilərək müxtəlif iddialar irəli sürülüb.
Lakin onun Azərbaycan dilində yaza və ya oxuya bilməməsi barədə açıq mənbələrdə müstəqil ekspertiza və ya rəsmi təsdiq yoxdur.
Qafarovun özü bu iddialara nə cavab verib?
2026-cı ildə AzadlıqRadiosu “Azəri Med”in Qafarovla əlaqəsi barədə ondan mövqe almağa çalışdığını, lakin deputatla əlaqə yarada bilmədiyini yazıb.
Digər mətbu orqanlar da bu günə qədər Kamaləddin Qafarovla bu iddialarla bağlı mövqeyini öyrənə bilməyib.