“Mercedes-Benz”in satışlarında azalma: Çində 31 faizlik geriləməbackend

“Mercedes-Benz”in satışlarında azalma: Çində 31 faizlik geriləmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın avtomobil nəhəngi “Mercedes-Benz”in ümumi satışları 2026-cı ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq 491 min 600 avtomobil təşkil edib.

Editor.az Anadolu Ajansı-na istinadən xəbər verir ki, şirkət 2026-cı ilin iyul-sentyabr ayları üzrə qlobal satış göstəricilərini açıqlayıb.

Məlumata görə, “Mercedes-Benz Cars” bölməsinin satışları hesabat dövründə 8 faiz azalaraq 407 min 200 avtomobilə düşüb. Yüngül kommersiya avtomobillərinin satışı isə əksinə, 6 faiz artaraq 84 min 400 ədədə çatıb.

Beləliklə, şirkətin üçüncü rübdə ümumi avtomobil satışları 491 min 600 ədəd olub.

Elektrikli avtomobillərdə rekord

“Mercedes-Benz”in tam elektriklə işləyən avtomobillərinin satışı üçüncü rübdə illik müqayisədə 61 faiz artıb. Şirkət 68 min 400 elektrikli avtomobil sataraq rüblük satışlar üzrə yeni rekorda imza atıb.

Dünya üzrə üçüncü rübdə satılan “Mercedes-Benz” avtomobillərinin təxminən dörddə birini tam elektrikli və ya enerji ilə doldurula bilən hibrid modellər təşkil edib.

Çin bazarında kəskin geriləmə

Şirkətin ən böyük bazarı olan Çində satışlar güclü rəqabət və bazardakı çətinliklər səbəbindən 31 faiz azalaraq 87 min ədədin altına düşüb.

Çindəki geriləməyə baxmayaraq, “Mercedes-Benz”in Avropadakı satışları 5 faiz artaraq 168 min 700 avtomobilə yüksəlib. Şimali Amerikada isə satışlar 4 faiz artaraq 83 min 200 ədədə çatıb. ABŞ-da minik avtomobillərinin satışında 6 faizlik artım qeydə alınıb.

Şirkət Avropa bazarında yeni nəsil elektrikli GLC, CLA, GLB və GLA modellərinə tələbin yüksək olduğunu açıqlayıb. Bildirilib ki, həmin modellərə olan sifarişlər ilin qalan hissəsi üçün tam dolub və bəzi sifarişlər artıq 2027-ci ilə qədər uzanıb.

\\ Aydan Bünyatova, Editor.az