Azərbaycanın “Gilavar” Foto Klubu İctimai Birliyi oktyabrın 5-də İsveçrənin Cenevrə şəhərində sənədli fotosərgi təşkil edib.
Editor.az xəbər verir ki, fotosərgi BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər Sarayı” meydanında, silahlı zorakılığın müxtəlif formalarından zərər çəkən insanların faciəsini simvolizə edən “Sınıq stul” abidəsinin qarşısında keçirilib.
Sərgidə Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini və mina partlayışlarının ağır nəticələrini əks etdirən sənədli fotolar nümayiş olunub.
Ekspozisiyada, həmçinin Ermənistanın Azərbaycanın ərazilərini 30 il ərzində işğal altında saxladığı dövrdə törətdiyi dağıntı və vandalizmi əks etdirən görüntülər təqdim edilib. Ziyarətçilər bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə bağlı fotolarla da tanış olublar.
“Gilavar” Foto Klubunun rəhbəri Rəşad Mehdiyev bildirib ki, sərgidə nümayiş etdirilən fotolar beynəlxalq ictimaiyyətin diqqətini mina probleminə yönəltmək və BMT çərçivəsində “minasız dünya” məqsədinin ayrıca Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsinə çağırış xarakteri daşıyır.
Onun sözlərinə görə, dünyada milyonlarla insan hələ də mina təhlükəsi ilə üz-üzədir və Azərbaycan bu problemdən ən çox zərər çəkən ölkələr sırasındadır.
Sərgi iştirakçılarına bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların yaratdığı təhlükə bu gün də davam edir. Mina təhlükəsinin mülki əhalinin həyatına, ərazilərin bərpasına, kənd təsərrüfatına və ətraf mühitə ciddi təsir göstərdiyi vurğulanıb.
Ekspozisiyada Ermənistan tərəfindən minalanmış ərazilərlə bağlı məlumatların və mina xəritələrinin təqdim olunması məsələsinə də diqqət çəkilib. Bildirilib ki, təqdim edilmiş bəzi xəritələrin dəqiq olmaması mina hadisələrinin davam etməsi ilə bağlı problemlər yaradır.
Sərgidə iştirak edən xarici ziyarətçilər Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsinin aradan qaldırılmasının vacibliyini vurğulayıb və bu ərazilərin gələcəkdə tamamilə minadan təmizlənməsini arzuladıqlarını bildiriblər.
Qeyd olunub ki, Azərbaycan dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin edir. Lakin mina təhlükəsi bu prosesin qarşısında ciddi maneələrdən biri olaraq qalır.
“Gilavar” Foto Klubu “minasız dünya” təşəbbüsünü beynəlxalq səviyyədə təbliğ etmək məqsədilə kampaniyanı digər Avropa ölkələrində də davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, “Gilavar” Foto Klubu Azərbaycan QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qaliblərindən biridir.

