Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı yük gəmisinə dron hücumu nəticəsində iki dənizçi həyatını itirib.
Editor.az xəbər verir ki, “PALMALI” Şirkətlər Qrupunun yaydığı məlumata görə, hadisə oktyabrın 5-də gəminin Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına doğru hərəkəti zamanı baş verib.
Dron hücumundan sonra gəmidə yanğın başlayıb. Hadisə ilə əlaqədar ekipaj üzvlərinin təxliyəsi üçün xilasetmə əməliyyatına başlanılıb.
“PALMALI” Şirkətlər Qrupu bildirib ki, hadisə nəticəsində iki dənizçi həlak olub. Digər ekipaj üzvləri isə təhlükəsiz şəkildə təxliyə edilərək sahilə çatdırılıblar.
Şirkət həlak olan dənizçilərin ailələrinə başsağlığı verib və ailələrin bütün zəruri ehtiyaclarının qarşılanması üçün lazımi dəstəyin göstərildiyini açıqlayıb.
Hadisənin təfərrüatlarının aidiyyəti qurumlarla koordinasiyalı şəkildə araşdırıldığı və prosesin şirkət tərəfindən yaxından izlənildiyi bildirilib.
Xatırladaq ki, hücum zamanı Azərbaycan vətəndaşı, “Royad Məmmədov” gəmisinin kapitanı, 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu isə itkin düşüb.
Gəmidəki digər Azərbaycan vətəndaşları xilas edilib. Onlardan üç nəfərinin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

