Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında üçüncü yarış gününün qarşılaşmaları davam edir.
Editor.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan millisinin bu gün tatamiyə çıxan üç üzvündən ikisi artıq mübarizəni başa vurub.
73 kiloqram çəki dərəcəsində çıxış edən 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov yarışa inamlı başlayıb. O, 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakovu, növbəti mərhələdə isə Finlandiya cüdoçusu Olin Valtterini məğlub edərək 1/8 finala yüksəlib.
Lakin Hidayət Heydərov 1/8 final qarşılaşmasında İtaliya təmsilçisi Covanni Espositoya uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.
Eyni çəkidə yarışan digər Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev isə medal yolunda mübarizəsini davam etdirir.
İlk mərhələdən azad olan Məmmədəliyev 1/16 finalda Kanadanın təmsilçisi Castin Lemiri, 1/8 finalda isə Böyük Britaniya cüdoçusu İtan Nerni məğlub edərək 1/4 finala yüksəlib.
Azərbaycan təmsilçisi bu mərhələdə Fransa cüdoçusu Dayyan Bulemtafesə məğlub olub. Buna baxmayaraq, onun medal qazanmaq şansı hələ də qalır.
Rəşid Məmmədəliyev təsəlliverici görüşdə İtaliya təmsilçisi Leonardo Valerianini məğlub edərsə, bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanacaq.
Qadınların 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Xədicə Qadaşova isə 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşevaya məğlub olaraq yarışla vidalaşıb.
Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək dünya çempionatında Azərbaycan 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur. Milli komandada 17 kişi və 7 qadın idmançı yer alır.
Azərbaycanın turnirdə ilk qızıl medalını 60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov qazanıb.

