Fransada yuxarı sinif şagirdlərinin etirazları genişlənməkdə davam edir. Etirazlar fonunda ölkə üzrə 1 800 orta məktəbin fəaliyyətinin dayandırıldığı bildirilir.
Editor.az “Report”a istinadən xəbər verir ki, bu barədə Fransa mediası yuxarı sinif şagirdlərinin həmkarlar ittifaqına istinadən məlumat yayıb.
Həmkarlar ittifaqının açıqlamasına görə, 1 800 məktəbin fəaliyyəti ya dayandırılıb, ya da həmin təhsil müəssisələrində nümayişlər keçirilir. Təşkilat etirazlarda iştirak edənlərin sayının rekord həddə çatdığını açıqlayaraq bütün orta məktəbləri aksiyalara qoşulmağa çağırıb.
Fransanın ədliyyə naziri Jerald Darmanen isə sosial şəbəkə hesabında məktəblilərin nümayişləri zamanı baş verdiyi bildirilən zorakılıq və zərərvurmalara dair araşdırmaları müzakirə etmək üçün prokurorlarla görüşdüyünü bildirib.
Nazirin sözlərinə görə, dörd yetkinlik yaşına çatmayan şəxs barəsində ümumilikdə 14 ilkin həbs qətimkan tədbiri tətbiq edilib. O, bunun həbs cəzasına alternativ tədbir olduğunu və valideynlərin məsuliyyətə cəlb edilməsinin qarşısını aldığını qeyd edib.
Şagirdlərin etirazlarının əsas səbəbləri arasında təhsilin maliyyələşdirilməsinin artırılması tələbi, məktəb binalarındakı antisanitar vəziyyət, siniflərin həddindən artıq dolu olması və xüsusilə aztəminatlı rayonlarda müəllim çatışmazlığı göstərilir.
Bundan başqa, şagirdlər universitetlərə qəbul üçün tətbiq olunan “Parcoursup” sisteminin yaratdığı bərabərsizlikdən də narazıdırlar.
Etirazlar Təhsil Nazirliyində keçirilən və nəticəsiz başa çatan görüşdən sonra daha da genişlənib.

