Sumqayıtda yaşlı qadının bank kartını hiylə yolu ilə ələ keçirərək hesabından pul çıxaran şəxsə hökm oxunub.
Editor.az Moderator.az-a istinadən xəbər verir ki, hadisə bankomat qarşısında baş verib. Belə ki, şəxs yaşlı qadına kömək etmək bəhanəsi ilə yaxınlaşıb və onun etibarını qazanıb.
Qadın bank kartını həmin şəxsə verib, eyni zamanda kartın PIN kodunu da deyib. Təqsirləndirilən şəxs bankomat vasitəsilə qadının hesabından 50 manat çıxararaq pulu və kartı ona qaytarıb.
Lakin qadın bankomatdan uzaqlaşdıqdan sonra həmin şəxs onu yenidən səsləyib. O, kartların səhv dəyişdirildiyini bildirərək öz bank kartını qadına verib. Kartların xarici görünüşünün eyni olması qadının bu sözə inanmasına səbəb olub.
Beləliklə, qadının bank kartı həmin şəxsdə qalıb. O, daha sonra həmin kartdan istifadə etməklə bankomatdan əlavə 215 manat nağd pul çıxarıb.
Bununla da kifayətlənməyən şəxs kartın hesabında qalan 3 manat vəsaitlə “Tamstore” marketdən siqaret alıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluğa görə məsuliyyət nəzərdə tutan 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs məhkəmədə ittihamı qəbul edib və əməlindən peşman olduğunu bildirib. O, dəymiş ziyanı ödəməyə maddi imkanının olmadığını və himayəsində azyaşlı övladının olduğunu qeyd edib.
Məhkəmənin hökmü ilə ona 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Bundan əvvəlki hökm üzrə təyin edilmiş 1 il 6 aylıq həbs cəzası da Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni cəza ilə qismən birləşdirilib.
Nəticədə təqsirləndirilən şəxs üçün yekun olaraq 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.
Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün də cəza müddətindən çıxılıb və yekun olaraq 3 il 7 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

