Bakıda mənzil bazarında qiymət artımı davam edir. Son bir ildə köhnə tikililərdə bəzi rayonlar üzrə qiymətlər 20 faizə yaxın yüksəlib. Bahalaşmanın daha çox Səbail və Yasamal rayonlarında qeydə alınması diqqətini çəkir.
Bakıda mənzillərin qiyməti yaxın aylarda daha da artacaqmı? Ev almaq istəyənləri nə gözləyir?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, burada iki əsas istiqamət müşahidə olunur:
“Birincisi, köhnə mənzillərin qiymətlərinin əvvəlki dövrlə müqayisədə təqribən 20 faizə qədər artmasıdır. İkincisi isə rayonlar üzrə göstəricilərin dinamikasıdır. Maraqlı burasındadır ki, köhnə binalar üzrə qiymət dinamikası ilə rayonlar üzrə dəyişən dinamika arasında müəyyən uyğunsuzluqlar var. Çünki köhnə binaların qiymət artımından danışırıqsa, Sabunçu rayonunda ipotekaya yararlı və qiyməti artan köhnə yaşayış fondlarının sayı çox azdır, hətta məhduddur. Məsələn, Nizami, Binəqədi və Xətai rayonları ilə müqayisədə Sabunçu rayonunun bu istiqamətdə payı olduqca aşağıdır. Əgər köhnə binaların qiymət artımından danışırıqsa, təbii ki, bu məqamları nəzərə almalıyıq.
Suala konkret cavab olaraq deyə bilərəm ki, bəli, köhnə binalarda qiymətlər ona görə daha çox artıb ki, köhnə yaşayış fondu məhduddur, azalmaqda davam edir, qiymətləri nisbətən aşağıdır və ipoteka üçün əlçatandır. Bu əmlaklara tələb daha çoxdur”.
Ekspert bildirib ki, köhnə binaları da iki kateqoriyaya bölmək olar:
“Birincisi, 1970-ci illərdən əvvəl inşa olunmuş binalardır. Onlarda qiymət artımı 20 faiz deyil, daha aşağıdır. Hətta deyərdim ki, qiymət dinamikası 10 faizdən aşağıdır. İkincisi isə 1970-ci ildən sonra inşa olunmuş və ipotekaya yararlı yaşayış fondlarıdır. Onlarda qiymət artımı 20 faizdir. Hətta bəzi ərazilərdə 20 faizdən də artıqdır. Bu da onunla əlaqəlidir ki, həmin mənzillər ipoteka prosesinə daha asan cəlb oluna bilir. Onlara ipoteka ayrıldığı müddətdə tələb kəskin artır, müraciətlərin sayı çoxalır və bu da qiymət artımına təsir göstərir. Ümumilikdə rayonlar üzrə dinamikanı təhlil etsək, Yasamal kifayət qədər aktiv rayondur. Çünki Yasamalda daşınmaz əmlak bazarı son 20 ildə digər rayonlarla müqayisədə daha çox inkişaf edib. Xüsusilə Yasamal və Xətai rayonları bu baxımdan daha aktivdir”.
Ramil Osmanlının sözlərinə görə, proses yalnız bu rayonlarla məhdudlaşmır:
“Nərimanov, Nəsimi, Nizami və digər rayonlarda da bu tendensiya müşahidə olunur. Sadəcə, Yasamal və Xətai daha aktiv rayonlardır. Araşdırmalar göstərir ki, həmin rayonlarda, eləcə də digər rayonlarda qiymət dinamikası daha çox ilkin bazar tərəfindən idarə olunur. İlkin bazarda qiymət artırsa, təbii ki, bu, ümumi daşınmaz əmlak bazarına da təsir göstərir”.
R.Osmanlı əlavə edib ki, ilkin bazarda qiymət artımına investorların və tikinti şirkətlərinin birbaşa təsiri var:
“Görünən odur ki, demək olar, bütün rayonlarda qiymət artımı var. Lakin əsasən tikinti həcminin daha çox olduğu rayonlarda qiymət artımları müşahidə olunur. Yəni bu artım, əsasən, ilkin bazarda özünü göstərir”.


