Milli Məclisdə korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsini nəzərdə tutan yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Editor.az xəbər verir ki, layihə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında nəzərdən keçirilib.
Sənəddə dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatlarında və digər qurumlarda korrupsiya ilə bağlı məlumatların təqdim edilməsi və araşdırılması qaydalarının müəyyənləşdirilməsi təklif olunur.
Layihə, həmçinin belə məlumatları təqdim edən şəxslərin hüquqi müdafiəsi və həvəsləndirilməsi ilə bağlı tədbirləri, eləcə də təşkilatların bu sahədə vəzifələrini müəyyən edir.
Qanunvericiliyə yeni anlayışların daxil edilməsi də nəzərdə tutulur. Bunlara “iş yeri”, “korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat”, “məlumat verən şəxs” və “korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən subyektlər” anlayışları daxildir.
Layihəyə əsasən, məlumat verən şəxs iş və ya xidmət fəaliyyəti zamanı korrupsiya ilə bağlı baş vermiş və ya baş verməsi ehtimal olunan hüquqpozma barədə yazılı, elektron və ya şifahi formada informasiya təqdim edən fiziki şəxs hesab ediləcək.
Belə məlumatların səlahiyyətli struktur bölməyə və ya şəxsə, təşkilat rəhbərinə, rəhbərdən yuxarı vəzifəli şəxsə, yaxud korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına təqdim edilməsi nəzərdə tutulur.
Qanun layihəsinin əsas məqsədlərindən biri korrupsiya ilə bağlı məlumatların verilməsi və araşdırılması mexanizmlərinin hüquqi əsaslarını müəyyənləşdirmək, həmçinin məlumat verən şəxslərin müdafiəsini təmin etməkdir.

